ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Plenar iclasının iştirakçılarının çıxışlarının qısa xülasəsi

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edərək dedi:

- Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu,

Hörmətli Mehriban xanım,

Xanımlar və cənablar!

Bakı Humanitar Forumunun işə başladığı üç ildən bir qədər artıq müddətdə aydın olmuşdur ki, bu forum müasir sivilizasiyanın fundamental məsələlərinin müzakirə edilməsi üçün ən ciddi, ən maraqlı məkanlardan biridir. Bu üç il ərzində Azərbaycan, Bakı bir daha sübut etdi ki, ölkə son dərəcə dinamik inkişaf edir, onun uğurları, nailiyyətləri göz qabağındadır. Mənim fikrimcə, bu inkişafın rəmzlərindən biri də bu gün bizim ikinci beynəlxalq forumu keçirdiyimiz bu gözəl mərkəz, gözəl zaldır. Forum iştirakçılarının tərkibi Azərbaycanın, onun rəhbərliyinin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzuna dəlalət edir. Mən Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin tapşırığını yerinə yetirmək və onun foruma təbrikini oxumaq şərəfinə layiq görülmüşəm.

Sonra Mixail Şvıdkoy Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu.

Məktubda deyilir: “XXI əsr: ümidlər və çağırışlar” Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına
“XXI əsr: ümidlər və çağırışlar” Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını və qonaqlarını salamlamağa şadam.

Sizin forum ilbəil sərhədlərini genişləndirir, Rusiyanın, Azərbaycanın, digər dövlətlərin ictimai həyatında əlamətdar, gözlənilən hadisəyə çevrilir. O, məşhur siyasətçilərin, alimlərin, yaradıcı ziyalıların diqqətini cəlb edir, beynəlxalq humanitar əməkdaşlığın mühüm aspektlərinə dair dialoqun inkişafına sanballı töhfə verir. Əminəm ki, qarşıdakı diskussiyaların yekunu müasir çağırışlara cavab verən təzə, konstruktiv ideyalar, elm və mədəniyyət, təhsil və kütləvi kommunikasiyalar sahəsində yeni mühüm təşəbbüslər olacaqdır.

Sizin hamınıza səmərəli iş arzulayır, ən xoş diləklərimi bildirirəm.

Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin”.

X X X

UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanındakı daimi nümayəndəsi Katalin BOQYAY çıxışında bildirdi ki, humanitar əməkdaşlıq üzrə Bakı Forumu dünyada sülh və təhlükəsizliyə doğru addımların atılması üçün əla fürsətdir.

“Azərbaycan UNESCO-nun çox dəyərli tərəfdaşıdır”, – deyən Katalin Boqyay bildirdi ki, humanitar yardım azad cəmiyyətlərin irəliyə doğru getməsinin əsasıdır. Qlobal iqtisadiyyatın mövcud olduğu bir dövrdə dünya maliyyə böhranının gətirdiyi mənfi amillərin qarşısının alınmasının vacibliyinə diqqət çəkən UNESCO nümayəndəsi dünyada ekoloji problemlərin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində mühüm addımların atılmasının zəruri olduğunu bildirdi. Qeyd etdi ki, UNESCO və onun missiyası insanların yaradıcı potensialının inkişafına diqqət yetirir və təşkilatın çoxmədəniyyətli platforması yeni düşüncənin formalaşdırılması və ənənəvi təcrübədə zənginliyin əldə olunmasına çalışır. Katalin Boqyay sadalanan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaqda Bakı Forumunun mühüm əhəmiyyət daşıdığını vurğulayaraq dedi:

- Bütün dünyada olan liderlərin və görkəmli şəxsiyyətlərin bir araya gətirilməsində Bakı Beynəlxalq Humanitar Forumu bizim insan dəyərləri uğrunda apardığımız mübarizəyə böyük töhfə verir. Mən Azərbaycan Prezidentinə, Azərbaycanın birinci xanımı – UNESCO-nun xoşməramlı səfirinə bu xüsusi tədbiri təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm və səbirsizliklə istərdim ki, “dəyirmi masa”da iştirak edim. Ümidvaram ki, “Ubuntu” prinsipinə uyğun olaraq biz fikir mübadiləsi aparacağıq.

Sağ olun.

X X X

Sonra UNESCO-nun baş direktoru İrina BOKOVANIN Forum iştirakçılarına videomüraciəti səsləndi:

- Zati-aliləri, xanımlar və cənablar!

2012-ci ilin Bakı Beynəlxalq Humanitar Forumuna müraciət etməkdən şərəf hissi duyuram.

Mən UNESCO-nun məqsədlərinə sadiqliyinə görə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya xüsusi olaraq minnətdarlığımı bildirmək istəyirəm. 2010-cu ildə təşəbbüs kimi irəli sürülmüş Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq təqvimdə artıq öz yerini tutubdur.

Bizim sürətlə dəyişən dünyada meyilləri müzakirə etmək və gələcək üzərində düşünmək məqsədilə belə bir fürsət kimi yeni imkanlara ehtiyacımız vardır. Bu Forum qloballaşan dünyada elm və mədəniyyətin oynadığı rolu, mədəni müxtəlifliyi və media məsələlərini humanitar perspektivdən nəzərdən keçirəcəkdir.

İrina Bokova videomüraciətində onu da dedi ki, UNESCO humanitar təşkilat kimi mədəni müxtəlifliyə, innovasiyaya və davamlı inkişafa nail olmaq üçün bundan sonra da səylərini artıracaqdır. XXI əsrdə insanları narahat edən məsələlər – xüsusilə planetimizin qorunması, yoxsulluq, ayrı-seçkilik, qeyri-sabitlik kimi məsələlərə yeni tərzdə yanaşılmalıdır. “Biz çıxış yolunu birgə fəaliyyətdə görürük”, – deyən İrina Bokova bu baxımdan Bakı Forumunun xüsusi əhəmiyyətini qeyd etdi və tədbirin işinə uğurlar arzuladı.

X X X

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-TÜVEYCRİ də Forumda çıxış edərək dedi:

-Mən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunam və əslində bu, dünyanın ən mühüm forumlarından birinə çevrilmişdir. Bu Forum siyasi, intellektual, elmi və akademik şəxsiyyətləri, müxtəlif mənşəli və müxtəlif ölkələrdən olan elit qrupları bir araya gətirir. Sözün əsl mənasında bu, bizim ən yüksək dəyərləndirilən təşəbbüslərdən biridir. Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Beynəlxalq ictimaiyyətə təklif olunmuşdur ki, belə bir yanaşmaya əsaslanaraq, biz sülhə olan güclü inamımızı nümayiş etdirək.

Bu cür mühüm bir hərəkət, əslində, göstərilən beynəlxalq səylərə böyük bir töhfədir və dünyada yeni, güclü quruluşun yaradılmasına yönəldilibdir. Əslində bu, universal qaydada qəbul olunmuş tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa da əsaslanır. Bu olan halda biz tarazlı, uyğun, təhlükəsiz dünyanı hamı üçün təmin edə bilərik.

“Bu Forum bu sahədə göstərilən beynəlxalq səylərə töhfə verir”, – deyən Əbdüləziz bin Osman əl-Tüveycri bildirdi ki, daha təhlükəsiz gələcəyə gedən yolda bu cür forumlar mühüm əhəmiyyət daşıyır. Bunun üçün insan dəyərlərinə hörmətlə yanaşma və iqtisadi tədbirlərin həyata keçirilməsi vacibdir. “Gələcək üçün hazırlanan yol xəritəsi yaxşı tərəqqiyə və mükəmməl innovasiyaya söykənməlidir”, – deyən ISESCO-nun baş direktoru qeyd etdi ki, indi dünyada böyük islahatlara ehtiyac vardır. Bu islahatlar çərçivəsində beynəlxalq siyasi proseslər ciddi şəkildə nəzərdən keçirilməli, məsələyə müxtəlif insan yanaşmaları diqqət mərkəzində saxlanılmalıdır.

Əbdüləziz bin Osman əl-Tüveycri dedi:

-Bu tədbir mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun gücləndirilməsinə, düzgün sülh mədəniyyətinin təşviq olunmasına yönəlibdir. Belə olan halda işğaldan əziyyət çəkmiş insanların problemlərinin həllinə xüsusi diqqət yetirilməlidir. Dağlıq Qarabağ münaqişəsi buna bir misal kimi göstərilə bilər. Buna görə beynəlxalq münasibətlərin yenidən rasionallaşması vacib bir məsələ kimi üzə çıxır. Belə olan halda, sözün əsl mənasında, biz beynəlxalq siyasətə bir növ yeni təkan verməliyik. Bu, bizim məsuliyyətimizdir. Bu, siyasi, intellektual və akademik elitanın, bu Forumda iştirak edən şəxslərin məsuliyyəti, borcudur.

Çıxışımı bitirməzdən öncə mən, həmçinin İSESCO-ya verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə səmimi minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Çünki o, bir çox təşəbbüslərlə çıxış etmişdir. Bu təşəbbüslər insanları bir araya gətirə bilər və dialoqu uyğun edə bilər. Mən bu Foruma uğurlar arzulayıram və hesab edirəm ki, Bakı intellektual və mədəni maarifləndirmənin təcəssümü olacaq və burada intellektuallardan ibarət forum uğurlu keçəcəkdir.

Çox sağ olun, diqqətinizə görə minnətdaram.

X X X

Daha sonra Azərbaycan haqqında filmin nümayişi oldu. Filmdə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, Şərq ilə Qərb arasında körpü rolunu oynayan, mədəniyyətlərarası dialoq platformasında xüsusi yeri olan odlar yurdu Azərbaycanın keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verildi. Son illərdə ölkəmizin müəllifi olduğu irimiqyaslı layihələr, Bakının gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər videogörüntülər vasitəsilə tamaşaçılara təqdim olundu.

X X X

Fasilədən sonra Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasının birinci hissəsi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

Plenar iclasın birinci hissəsinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik etmişdir.

Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan Litvanın sabiq Prezidenti Valdas ADAMKUS dünyanın tanınmış ictimai-siyasi xadimlərini, mədəniyyət nümayəndələrini bir yerə toplayan bu Forumun müxtəlif məsələlərə dair fikir mübadiləsinin aparılması üçün beynəlxalq miqyaslı nüfuzlu elmi, siyasi platformaya çevrildiyini vurğulamışdır.

X X X

Forumun işini yüksək qiymətləndirən Estoniyanın sabiq Prezidenti Arnold RÜÜTEL emi və mədəni elitanın görkəmli nümayəndələrini bir araya toplayan bu mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsindən məmnun olduğunu bildirmişdir. O demişdir ki, müasir dünyamızda yeni informasiyalar və ideyalar sosial şəbəkələr vasitəsilə sürətlə yayılır.

Bu isə müasir həyatımızda yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur. Bizim yeni çağırışlara cavab verməyimiz baxımından belə mötəbər tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi böyük uğurlara toxunan A.Rüütel hazırda iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.

X X X

Azərbaycanın etnik və dini tolerantlıq baxımından dünyada nadir ölkələrdən biri olduğunu vurğulayan Xorvatiyanın sabiq Prezidenti Stepan MESİÇ Bakıda müşahidə etdiyi inkişaf prosesinin onda böyük təəssürat yaratdığını bildirmişdir. O, Bakı Beynəlxalq Humanitar Forumunu mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından da çox önəmli platforma adlandırmışdır.

X X X

Bolqarıstanın sabiq Prezidenti Jelyu JELEV bu mötəbər tədbirin ölkələr arasındakı münasibətlərin inkişafında xüsusi rol oynayacağını əminliklə qeyd etmişdir. Azərbaycanın belə mötəbər tədbirlərin keçirilməsində artıq böyük təcrübəyə malik olduğunu bildirən sabiq Prezident Forumda müzakirə ediləcək məsələlərin bəşəriyyətin üzləşdiyi bir sıra problemlərin həlli yollarının tapılmasına kömək edəcəyini vurğulamışdır.

X X X

“Biz vahid dünyada yaşayırıq və belə bir məqamda humanitar dəyərləri qorumaq çox vacibdir”, – deyən Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra VİKE-FREYBERQA çıxışında əsas diqqəti insan hüquqlarının qorunmasına cəlb etmişdir. O, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bir milyondan artıq insanın hüquqlarının pozulduğunu, onların doğma torpaqlarından didərgin salındığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, dünya ictimaiyyəti bu məsələdə qətiyyətli mövqedən çıxış etməlidir.

Azərbaycanda dini dözümlülük baxımından nümunəvi ölkə olduğunu vurğulayan Vayra Vike-Freyberqa Forumda dünyanın tanınmış siyasətçilərinin, Nobel mükafatı laureatlarının, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsini ölkəmizin gündən-günə artan nüfuzunun bariz nümunəsi kimi səciyyələndirmişdir. Həmçinin ölkəmizin sürətli inkişafının nəzərdə tutulan ideyalarının həyata keçirilməsinə geniş imkanlar açdığı qeyd olunmuşdur.

X X X

Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri xanım Raşida DATİ vurğulamışdır ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən, regional layihələrin təşəbbüsçüsü olan Azərbaycan dünyada çox nadir bir örnəkdir. Azərbaycanın multikulturalizmə böyük önəm verdiyini vurğulayan R.Dati ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış içində bir arada yaşadığını diqqətə çatdırmışdır.

R.Dati belə vacib tədbirin Bakıda keçirilməsinin Forumun əhəmiyyətini daha da artırdığını demişdir. Çünki Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır. O, həmçinin bildirmişdir ki, bu beynəlxalq tədbir bir çox məsələlərin müzakirə edilməsi və onların həll yollarının tapılması istiqamətində qarşıya qoyduğu məqsədlərə nail olacaqdır.

X X X

Rumıniyanın sabiq Prezidenti Emil KONSTANTİNESKU Bakı Beynəlxalq Humanitar Forumunun ötən il olduğu kimi, uğurla nəticələnəcəyinə əminliyini bildirmişdir. O vurğulamışdır ki, bu tədbirdə müzakirə ediləcək məsələlər bəşəriyyətin üzləşdiyi çağırışlara cavab verməsi baxımından mühüm töhfələri ilə yadda qalacaqdır. Çünki müxtəlif peşə sahiblərinin, xüsusilə də mədəniyyət sahəsini təmsil edən insanların Bakıda bir araya gələrək mühüm məsələləri müzakirə etməsi böyük nəticədir.

E.Konstantinesku Bakı Beynəlxalq Humanitar Forumunu yüksək səviyyədə təşkil edən Azərbaycanın bunu artıq ənənəyə çevirdiyini də diqqətə çatdırmışdır.

X X X

Qırğız Respublikasının sabiq Prezidenti xanım Roza OTUNBAYEVA isə Azərbaycanın zəngin tarixi və mədəni irsindən bəhs etmişdir. Sabiq Prezident sovet dönəmindən müstəqillik illərinədək və daha sonrakı dövrlərdə inkişaf edən Azərbaycanın dünyada artan nüfuzuna da toxunmuşdur. Forumun əhəmiyyətindən danışan R.Otunbayeva burada multikulturalizm və medianın cəmiyyətdə rolu məsələsinin daha çox müzakirə olunmasının aktuallığından danışmışdır.

X X X

Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Bolqarıstan Respublikasının sabiq Prezidenti Peter STOYANOV çıxışında multikulturalizmə xüsusi yer ayırmışdır. O, özündə qarşılıqlı anlaşmanı və digər xalqlara və dinlərə hörmətlə yanaşmanı əks etdirən multikulturalizmin Azərbaycanda xüsusən diqqət mərkəzində saxlandığını vurğulamışdır. Bildirilmişdir ki, indi dünya elitasının nüfuzlu nümayəndələrini bir araya toplayan Azərbaycan bu forumu təşkil etməklə ciddi uğura imza atmışdır. Odur ki, Forum dünyanı narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır.

Bu gün Azərbaycanın öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim etdiyini deyən P.Stoyanov bildirmişdir ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən istifadə edərək artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilmişdir.

Peter Stoyanov son illərdə ölkəmizin yüksək iqtisadi inkişaf nümayiş etdirdiyini diqqətə çatdıraraq bu işdə Prezident İlham Əliyevin xidmətlərini, ölkədə həyata keçirilən siyasi kursun uğurlarını yüksək qiymətləndirmişdir. Ən əhəmiyyətlisi isə odur ki, Azərbaycan özünün bu uğurlu təcrübəsini həmişə başqa ölkələrlə bölüşməyə can atır.

X X X

“Bakı Beynəlxalq Humanitar Forumu doğru məqamda irəli sürülən ideyadır”, – deyən Latviyanın sabiq Prezidenti Valdis ZATLERS tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını çatdırmışdır. Qlobal dünyanın sürətlə dəyişdiyini, texnoloji inkişafın bu dəyişikliyi daha da gücləndirdiyini vurğulayan sabiq Prezident bildirmişdir ki, əsas məqam bu dəyişikliyə uyğunlaşmaqdır. Texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxdur və o, cəmiyyət qarşısında yeni çağırışlar müəyyən edir. Biz bu çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün bir-birimizlə daha yaxın və mehriban münasibətlər qurmalıyıq.

Valdis Zatlers bildirmişdir ki, Azərbaycan xalqı və dövlətin rəhbərliyi özünə əmindir və hansı addımlar atmaq lazım olduğunu çox yaxşı bilir. Bu mötəbər tədbirin Bakıda keçirilməsi məhz bu əminliyin göstəricisidir.

X X X

Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi PIRVANOV çıxışında qeyd etmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumu regional çərçivədən kənara çıxaraq qlobal məsələlərin müzakirəsinə töhfə verən ən mühüm tədbirlərdən biridir. G.Pırvanov Azərbaycanın belə böyük miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.

“Bu Forumun daha bir əhəmiyyəti onun qlobal təhlükəsizlik məsələlərinin həllində yaxından iştirak etməsidir”, – deyən Georgi Pırvanov bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş kimi qəbul etməlidir. Çünki bunu şərtləndirən amillər çoxdur. Georgi Pırvanov UNESCO və Avropa Şurasını bu cür möhtəşəm Forumun hər il təşkil olunması üçün Azərbaycana daha çox dəstək verməyə çağırmışdır.

X X X

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil AKINCI regional sülhün və təhlükəsizliyin təmin olunması baxımından Forumun əhəmiyyətini yüksək qiymətləndirərək rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbirlər, türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar, qəbul edilən qərarlar barədə məlumat vermişdir.

Xəlil Akıncı bu Forumun yüksək səviyyədə təşkilinə görə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir.

X X X

Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasının Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud KƏRİMOVUN sədrliyi ilə keçən ikinci hissəsində Nobel mükafatı laureatları çıxış etmişlər.

X X X

Kimya üzrə Nobel mükafatı laureatı Əhməd ZEVAYL müasir dünyada elm və təhsilin inkişafının prioritetə çevrilməsinin vacibliyini önə çəkmiş, ölkəmizdə bu məsələyə xüsusi diqqət verilməsinin təqdirəlayiq olduğunu demişdir.

X X X

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Kennet Cozef ARROU Forumda müzakirə edilən məsələlərin müasir dövr üçün çox aktual olduğunu vurğulamışdır. K.Arrou qeyd etmişdir ki, hazırda müxtəlif səylərə baxmayaraq, dünyada münaqişələrin sayı azalmaq bilmir. Bunun səbəbi hərtərəfli düşünülmüş yanaşmaların olmamasıdır. Dünyada gedən iqtisadi proseslərdən danışan Nobel mükafatçısı qeyd etmişdir ki, ölkələr arasında müxtəlif istiqamətlərdə, həmçinin turizm sahəsində əlaqələr olsa da, qlobal iqtisadiyyatda problemlər tam həllini tapmamışdır.

X X X

Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur MARKUS ekoloji məsələlərə diqqət çəkərək dünyada baş verən iqlim dəyişikliklərinin daha çox müzakirə predmeti olmasını vacib bilmişdir. Alim demişdir ki, elm sahəsində yeniliklər çox sürətlə baş verir və hətta bu, inqilabi səciyyə daşıyır. Elmin inkişafı, eyni zamanda, bir sıra problemlər də yaradır. Məsələn, alimlər hələ də ozon təbəqəsindəki deşiyin hansı səbəbdən genişlənməsi ilə bağlı konkret fikir söyləyə bilmirlər. Bununla belə elm qlobal səviyyədə problemlərin həllinə nail ola bilər.

X X X

Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts LAFLİN enerji məsələlərindən danışmış, Azərbaycanın bu sahədə fəaliyyətinin dünyada böyük maraq doğurduğunu demişdir. Bakı Forumu Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi baxımından da çox əhəmiyyətlidir.

X X X

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin KİDLAND Prezident İlham Əliyevin çıxışında mühüm məsələlərə toxunduğunu bildirmiş, müasir dünyada təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkərək bu sahədə Azərbaycan praktikasının səmərəli olduğunu qeyd etmişdir.

X X X

Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan QROSS da dünyada inkişaf proseslərinin təməlində elmə, təhsilə verilən önəmin dayandığını vurğulamışdır. D.Qross demişdir ki, elm ən mühüm beynəlxalq fəaliyyət növüdür. Bu baxımdan elm beynəlxalq əməkdaşlığın əsas vasitəsinə çevrilə bilər. Qloballaşan dünyada bütün problemlər də qloballaşır və bu səbəbdən problemlərlə mübarizədə vahid model olmalıdır.

X X X

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard PRESKOT çıxışını ətraf mühit və ekoloji problemlərin aradan qaldırılması ilə bağlı həyata keçirilməsi vacib olan məsələlər üzərində qurmuşdur. Nobel mükafatçısı demişdir ki, insanlar hazırda daha çox qlobal istiləşmə prosesindən narahatdırlar. Amma qlobal soyuqlaşma daha böyük problemdir. Bu gün biz dünyanın ən gözəl şəhərlərindən birindəyik və burada “qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində böyük işlər görülür. Bu Forumun keçirilməsi açıq şəkildə göstərir ki, biz belə tədbirlərlə bir-birimizi zənginləşdiririk.

X X X

Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald SMUT da bildirmişdir ki, dünyanı narahat edən iqlim dəyişikliyinin ağır fəsadlar verməməsi üçün müasir texnologiyaların tətbiqinə böyük ehtiyac vardır. Bunun yollarını müzakirə edib müəyyən nəticələrə gəlmək üçün Bakı Beynəlxalq Humanitar Forumu çox səmərəli platformadır. Bu Forumda iştirak etməyimdən çox məmnunam.

X X X

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Rocer Bryus MAYERSON ABŞ-da təzahür edən maliyyə böhranının yaratdığı problemlərdən bəhs etmişdir. O demişdir ki, qloballaşan dünyada bu cür problemlər təkcə bir ölkənin deyil, bir çox ölkələrin iqtisadiyyatını zəiflədir. Bunun qarşısının alınması üçün bütün imkanlardan vahid səylərlə istifadə etmək lazımdır.

X X X

Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada YONAT Bakı Beynəlxalq Humanitar Forumunun bəşəriyyəti narahat edən fundamental məsələlərin müzakirəsi baxımından mühüm məkan olduğunu demişdir. Əminəm ki, biz bu Forumda faydalı müzakirələr aparacaq, təcrübələrimizi bölüşəcək, çıxış yollarını arayacağıq.

X X X

Kimya üzrə Nobel mükafatı laureatı Dan ŞEXTMAN dünyada gedən demoqrafik proseslərin nəticələri barədə çıxış etmişdir. Dünyada insanların sayı artmaqdadır və tezliklə bu rəqəm 7 milyard olacaqdır. Belə şəraitdə enerji ehtiyatları tükənərsə bəşəriyyət bundan sonra necə yaşayacaqdır?! Bu məsələdə alimlərin üzərinə böyük məsuliyyət düşür. Məhz onlar texnologiyaları inkişaf etdirməklə qlobal problemlərin həllinin çıxış yollarını tapa bilərlər.

X X X

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Прогноз погоды

Hava proqnozu

Weather forecast