ОФИЦИАЛЬНЫЙ ИНТЕРНЕТ САЙТ БАКИНСКОГО МЕЖДУНАРОДНОГО ГУМАНИТАРНОГО ФОРУМА
OFFICIAL WEBSITE OF THE BAKU INTERNATIONAL HUMANITARIAN FORUM
BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN RƏSMİ İNTERNET SAYTI

Plenar iclas iştirakçilarinin çixişlarinin qisa xülasəsi

Oktyabrın 2-də rəsmi açılış mərasimindən sonra IV Bakı Beynəlxalq Humanitar Forumu plenar iclasla işini davam etdirib.

Sabiq dövlət başçılarının iştirak etdikləri iclasın birinci hissəsinə sədrlik edən Azərbaycanın gənclər və idman naziri Azad RƏHİMOV müstəqillik illərində ölkəmizdə humanitar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı. Nazir bildirdi ki, artıq Azərbaycanda çoxmədəniyyətli dialoq platforması qurulub.

Estoniyanın sabiq Prezidenti Arnold RÜÜTEL çıxışında dünyada mövcud olan ekoloji problemlərə nəzər saldı, flora və fauna növlərinin azalmasının narahatlıq doğurduğunu diqqətə çatdırdı. Son illərdə yoxsul ölkələrin sayının çoxaldığını deyən Estoniyanın sabiq Prezidenti sosial bərabərsizliyin artmasının da ciddi problemə çevrildiyini qeyd etdi. Arnold Rüütel ölkəsində ekoloji tarazlığa nail olmaqla bağlı görülən işlərdən, qlobal mədəni müxtəlifliyə verilən töhfələrdən də danışdı.

Xorvatiyanın keçmiş Prezidenti Stepan MESİÇ xalqlar arasında etimadın bərpası məsələsindən bəhs etdi. Bildirdi ki, beynəlxalq aləmdə baş verən terror aktları yolverilməzdir və bu səbəbdən etimada əsaslanan münasibətlərin bərpası zərurətə çevrilib. Stepan Mesiç zorakılıq hallarını qətiyyətlə pislədi, mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirdi.

Latviyanın sabiq Prezidenti Valdis ZATLERS diqqəti ötən Forumda müəyyən edilən məqsədlərə nə dərəcədə nail olunması məsələsinə cəlb etdi. O, dünyadakı gərginliyin təməlində din amilinin yox, digər səbəblərin dayandığını söylədi, müharibələrin sülhə hədə olduğunu dedi. Bu baxımdan qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasının vacibliyini vurğuladı.

Litvanın keçmiş Prezidenti Vitautas LANDSBERGİS Bakı Humanitar Forumunun əsasında dayanan ideyanın sülhə əsaslandığını diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan işğal faktı ilə üzləşsə də, sabit dövlət qurmaq ideyalarını uğurla nümayiş etdirir.

İtaliya Nazirlər Şurasının sabiq sədri Enriko LETTA ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini dedi, Forumun əhəmiyyətindən danışdı. Enriko Letta Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə əlaqələrinə toxunaraq bildirdi ki, Azərbaycan ilə iqtisadi və sosial əməkdaşlıq genişləndirilməlidir. “Biz çox şadıq ki, Azərbaycan Avropa tərəfdaşlığında iştirak edir”, – deyən qonaq gələn il ölkəmizdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Küveytin İdeal Ailə Cəmiyyətinin prezidenti ülyahəzrət Şeyxa Fariha əl-Əhməd əl-Cabir əl-SABAH böhranın yaşandığı bugünkü dünyada diqqətin ölkəmizə yönəldiyini dedi, belə bir dövrdə nailiyyətləri necə əldə etməyin formulunun Azərbaycanda müşahidə edildiyini bildirdi.

Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa VIANNA belə nüfuzlu Foruma dəvətə görə minnətdarlığını bildirdi. Nazir müavini Braziliyada mədəni müxtəliflik sahəsində görülən işlərdən danışdı, mədəni plüralizmin hər bir ölkə üçün əhəmiyyətini vurğuladı.

Meksika Birləşmiş Ştatları Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela KUEVAS Forumda müzakirəyə çıxarılan məsələlərin vacibliyinə toxunaraq vurğuladı ki, dünya birliyi mövcud münaqişələrin danışıqlar yolu ilə həllinə çalışmalı, beynəlxalq hüququn norma və prinsipləri təmin edilməlidir. O, xüsusilə terrorçuluqla mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini qeyd etdi.

UNESCO-nun İcra Şurasının sədri Məhəmməd Sami ƏMİRİ Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. UNESCO-nun yarandığı vaxtdan humanizm ideyalarını təşviq etdiyini deyən qonaq dünyada mədəni müxtəlifliyin təmin olunmasını vacib meyar kimi dəyərləndirdi. O, Bakı Forumunun məqsədlərinin UNESCO idealları ilə üst-üstə düşdüyünü vurğuladı.

İclasın ikinci hissəsinə sədrlik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif ƏLİZADƏ Forumun dünyanın bütün bölgələrindən məşhur alimləri, siyasətçiləri bir araya gətirmək baxımından böyük platforma olduğunu bildirdi.

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ervin NEHER son illərdə kimya, biotexnologiya, fiziologiya sahələrində mühüm nailiyyətlər əldə edilməsi ilə regenerativ xəstəliklərin aradan qaldırılması istiqamətində ciddi nəticələrə nail olunduğunu bildirdi. Son onillikdə belə xəstəliklərlə bağlı ciddi araşdırmalar aparıldığını vurğulayan alim Çin, ABŞ və Yaponiyada insan beyninin araşdırılması ilə bağlı iri layihələr həyata keçirildiyini vurğuladı.

Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur MARKUS dünyada sosial rifahın bərabər olmaması nəticəsində müasir dövrdə cəmiyyətlərin bir sıra çətinliklərlə qarşılaşdığını diqqətə çatdırdı. O, qeyd etdi ki, bu problemlərin qarşısının alınması üçün nisbətən zəif inkişaf etmiş ölkələrdə elm, təhsil, səhiyyə sahələrində iri layihələr davamlı şəkildə həyata keçirilməlidir.

Kimya üzrə Nobel mükafatı laureatı Keri Benks MULLİS müasir dünyada xəstəliklərin, problemlərin qarşısının alınmasının alimlər üçün ciddi məsələ olduğunu söylədi. Diqqətə çatdırıldı ki, çağdaş dünyada mövcud olan ətraf mühit problemləri, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları və digər cinayətlərin qarşısının alınmaması bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin TSİNKERNAGEL bildirdi ki, cəmiyyətdə baş verən problemləri anlamaq üçün insan fiziologiyası dərindən öyrənilməlidir. Bu baxımdan yüksək keyfiyyətli ibtidai təhsil, savadlı gənc müəllimlərin yetişdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu, bütövlükdə insan həyatının qorunması üçün olduqca vacibdir.

Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts LAFLİN müasir dövrdə daha da inkişaf etdirilən kompyuterlərin insanın fiziki keyfiyyətlərini üstələdiyini dedi. Texnoloji inkişafın sonsuz proses olduğunu bildirən alim artıq elektron inqilabın fəsadları haqqında da düşünməyin zamanının çatdığını vurğuladı.

Kimya üzrə Nobel mükafatı laureatı Kurt VÜTRİX gözəl memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində çıxış etməkdən fərəh duyduğunu bildirdi. O, müxtəlif dövrlərdə əldə edilmiş elmi kəşflərin tətbiqi nəticəsində bu gün iqtisadiyyat, tibb, texnologiya və digər sahələrdə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırdı.

Artıq dördüncü dəfədir Bakıda olmaqdan məmnunluğunu bildirən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin KİDLAND dünya iqtisadi böhranının təsirindən və bu böhrandan çıxmaq istiqamətində dövlətlərin gördüyü işlərdən bəhs etdi. O, dünya iqtisadi böhranının hökumətləri iqtisadi inkişafla bağlı proqnozlarını konkret tərtib etmək məcburiyyəti ilə üz-üzə qoyduğunu söylədi.

Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan QROSS bildirdi ki, bəşəriyyəti təhdid edən problemlər yalnız dünya ictimaiyyətinin birgə səyləri ilə həll edilə bilər. Mübahisələr güc yolu ilə həll edilməməlidir. Tarix bizə göstərir ki, bütün münaqişələr dəhşətli insan tələfatı ilə nəticələnir. Son illərdə millətçilik, zorakılıq hallarına tez-tez rast gəlindiyini, bunun çox böyük çətinliklər yaratdığını deyən alim bildirib ki, biz bu mənfi hallara qarşı mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik.

Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq HENŞ Azərbaycanın humanitar dəyərlərə böyük önəm verdiyini vurğuladı. “Şadam ki, Azərbaycanda “qara qızıl”ın insan kapitalına çevrilməsinin şahidi oluruq”, – deyən alim hazırda texnologiya sahəsində sürətli inkişafın müşahidə edildiyini bildirdi, elmi dairələrin öz resurslarını bu istiqamətə yönəltməsini yüksək qiymətləndirdi.

Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald SMUTT dedi ki, yaşadığımız Yer kürəsini həm özümüz, həm də gələcək nəsillər üçün qorumalı, ətraf mühitə hansı təsirləri göstərdiyimizi bilməliyik. Dövlətlərin iqtisadi baxımdan nail olmaq istədikləri davamlı inkişaf ətraf mühitin mühafizəsi sahəsində də təmin edilməlidir.

Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada YONAT Foruma dəvətə və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Çıxışında insanın uzunömürlülüyü barədə danışan alim müasir tibb elminin inkişafı nəticəsində bir çox xəstəliklərlə mübarizədə uğurların qazanıldığını qeyd etdi. O, həmçinin genetik kodun müəyyən vaxt daxilində dəyişməsi istiqamətində ciddi araşdırmaların aparıldığını vurğuladı.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur DAYMOND məşğulluq məsələsindən danışdı. Qeyd etdi ki, iş qazanc gətirməklə yanaşı, insanda daxili məmnuniyyət yaradır. İqtisadiyyatların böhranlardan qorunması üçün hökumətlərin məşğulluq siyasətini şaxələndirməsinin vacibliyini bildirən P.Daymond işçi qüvvəsinin bir sahədən digərinə keçməsini, hər bir sektorda idarəçilik qabiliyyətinə malik insanların sayının çox olmasını məşğulluq probleminin həllində mühüm amil kimi qiymətləndirdi.

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tomas Kristian ZÜDHOF multikulturalizmin elmin inkişafına töhfəsini yüksək qiymətləndirərək bildirdi ki, elmin rolu bəşəri dəyərləri yaymaq və təbliğ etməkdir. O, bu işdə siyasətçilərin elmi dairələrə inamı, eləcə də praqmatik qərarların qəbulunda, onların əsaslandırılmasında alimlərin roluna geniş yer verilməsinin əhəmiyyətini vurğuladı.

Kimya üzrə Nobel mükafatı laureatı Ariye VARŞEL isə elmi nailiyyətlərin cəmiyyətin həyatına müsbət təsirindən danışdı. Alim bəşəriyyətin həyatının ciddi elmi nailiyyətlər nəticəsində daha da yaxşılaşdığını diqqətə çatdırdı.

AMEA-nın nəzdində Biofizika İnstitutunun yaradıldığını deyən Akif Əlizadə bu sahədə ölkəmizlə fəal əməkdaşlıq edən fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smutta minnətdarlığını bildirdi.

 Plenar iclasa yekun vuran akademik Akif Əlizadə dünyanın məşhur alimlərinin, Nobel mükafatı laureatlarının Forumda iştirak etmələrinin və çıxışlarının Azərbaycan və dünya elminə mühüm töhfə vermək baxımından əhəmiyyətini yüksək qiymətləndirdi.

İclasın üçüncu hissəsinə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib. Sədrlik edən təhsil naziri Mikayıl CABBAROV qonaqları salamlayıb və Bakıda artıq dördüncü dəfə keçirilən Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər oktyabrın 3-də keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. Son illərdə ölkəmizdə elm və təhsil sahəsində mühüm işlərin görüldüyünü qeyd edən nazir M.Cabbarov Azərbaycanda bu istiqamətdə vacib islahatların həyata keçirildiyini, ötən il təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının təsdiq olunduğunu vurğulayıb.

ABŞ-ın Kaliforniya ştatı Məclisinin sabiq spikeri, Los-Anceles şəhərinin sabiq meri Antonio VILLEREYQOSA rəhbərlik edəcəyi “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlərdən danışıb. O, multikulturalizmin həyatda əksər proseslərə təsir etdiyini, bu sahədə yaranan böhranın isə son dərəcə mürəkkəb problemlərə səbəb olduğunu vurğulayıb. A.Villereyqosa bildirib ki, humanitar, xüsusilə multikulturalizmə aid məsələlər dövrümüzün aktual məsələləridir. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli ölkədir. Buradakı müsbət ab-hava dünyanın bir çox yerlərində arzulanır.

“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”ya sədrlik edəcək Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail QUSMAN çıxış edərək bildirib ki, Azərbaycan mənim doğma vətənimdir və bu gün burada olduğum üçün çox xoşbəxtəm. Mən birinci Forumda da iştirak etmişəm. Həmin vaxtdan Forumun xeyli inkişaf etdiyi, zənginləşdiyi göz qabağındadır. Əminəm ki, Bakı Beynəlxalq Humanitar Forumu əhəmiyyətinə görə gələcəkdə Davos İqtisadi Forumunu geridə qoyacaq. M.Qusman “dəyirmi masa”da müasir mediasferanın problemləri, rəqəmsal dövrdə KİV-lərin rolu və digər bir sıra aktual məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Rumıniyadakı Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden MAMUT “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlı “dəyirmi masa”ya sədrlik edəcəkdir. O, müasir dövrdə elmin inkişafı ilə bağlı görülən işlərin diqqəti cəlb etdiyini, dünyanın hər yerində təhsil imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. E.Mamut bildirib ki, “dəyirmi masa”da müxtəlif ölkələrdən olan mütəxəssislərin 21 məruzəsi dinləniləcək, mövzuya dair bir çox məsələlərə aydınlıq gətiriləcək.

ABŞ-ın Kolumbiya Universitetinin professoru Con LOURENS rəhbərlik edəcəyi “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlər barəsində məlumat verib. Ekoloji sivilizasiyanın əhəmiyyətindən danışan amerikalı alim deyib ki, müasir dövrdə insan inkişafı indeksi olduqca vacib göstəricidir. Bu indeks əslində çox sadə hesab olunur. Onun əsasında müəyyən ölkələr, o cümlədən Azərbaycan öz standartlarını dəyişib.

Türkiyənin Atatürk Universitetinin rektoru, professor Hikmət KOÇAK bildirib ki, rəhbərlik edəcəyi “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” adlı “dəyirmi masa”da daha çox fəlsəfi və fərqli yöndə müzakirələr aparılacaq. Alim deyib ki, qloballaşma prosesində insan və cəmiyyət modeli ortaya çıxır və hər bir fərd cəmiyyətin inkişafına töhfə verməlidir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xərçəng xəstəliyi üzrə müalicə mərkəzinin rəhbəri Karol SIKORA “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə və perspektivlər” adlı “dəyirmi masa”da tibb elminin son illərdəki nailiyyətlərindən, gələcəyindən və problemlərindən söz açılacağını vurğulayıb. O bildirib ki, hazırda texnologiyada inqilabi sıçrayış baş verib. Xərçəngə səbəb olan molekulların hərəkət istiqamətini araşdırmaq mümkün olsa, ilkin mərhələdə diaqnozun qoyulmasına nail olacağıq.

“Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”ya rəhbərlik edəcək Avstriyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Texniki Əməkdaşlıq Departamentinin proqram rəhbəri İvan VIDENOVIÇ bildirib ki, təhsil sektorunun inkişafı rabitə və yüksək texnologiyaların inkişafı ilə birbaşa bağlıdır. Bizim “dəyirmi masa”mızda 19 ölkədən 60-dək nümayəndə, o cümlədən üç Nobel mükafatı laureatı iştirak edəcək. Azərbaycan nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə maraqlı olan ölkələrdəndir. Azərbaycanlı alimlər çıxışlarında məhz bu məsələlərdən söz açacaqlar.

Avropa Şurasının sadiq baş katibi Valter ŞVIMMER rəhbərlik edəcəyi “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” adlı “dəyirmi masa”nın olduqca vacib və aktual məsələyə həsr olunduğunu vurğulayıb. O bildirib ki, “dəyirmi masa”da postmodern erasında dəyərlərin dəyişməsinə daha çox ehtiyac olduğu nəzərdən keçiriləcək. Azərbaycan da uzunsürən münaqişədən əziyyət çəkir. Qafqazda sülhün bərqərar olması hazırda bu region üçün çox vacib məsələdir.

Sonda nazir M.Cabbarov tədbirin iştirakçılarına təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb.

Информация для участников

İştİrakçIlar üçün məlumat

Information for participants

Всю подробную информацию о предстоящем Бакинском международном гуманитарном Форуме, который состоится 2-3 октября 2014 года, вы можете найти в данном разделе:

You can find all detailed information about forthcoming Baku International Humanitarian Forum, which will be held on October 2-3, 2014, in the section below:

2-3 oktyabr 2014-cü ildə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumatı Siz bu bölmədə əldə edə bilərsiniz:

Регистрация на форуме

Registration

Qeydİyyat

Для участия в работе Бакинского международного гуманитарного Форума необходимо обязательно пройти процедуру онлайн регистрации в указанном ниже разделе.

Внимание! Не забудьте указать в регистрационной форме номер персонального пригласительного письма.

Информация о получении виз
Участники, приглашённые на Форум, в случае необходимости оформления визы для посещения Азербайджана, могут получить её, обратившись в Посольства и Консульства Азербайджанской Республики.

Боллее подробную информацию о визовом режиме вы можете получить на сайте Министерства Иностранных Дел Азербайджанской Республики

For participation in the work of the Baku International Humanitarian Forum you are required to go through online registration procedure in the below section.

Note! Do not forget to indicate in the registration form the number of your personal invitation letter.

Visa information
Participants invited to the Baku International Humanitarian Forum, in case they need a visa to visit Azerbaijan, can apply for visa at the Embassies and Consulates of the Republic of Azerbaijan.

For more information visit the official web site of the Ministry of Foreign Affairsof the Republic of Azerbaijan.

Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz.

Vizanın alınmasına dair məlumat
Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycana səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.

Əlavə məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Туры по регионам Азербайджана

Tours to the regions of Azerbaijan

Azərbaycan regİonlarI üzrə turlar

Для участников Бакинского международного гуманитарного Форума c 4 по 5 октября 2014 года будут организованы туры по следующим регионам Азербайджана:

Tours to the following regions of Azerbaijan will be organized for the participants of the Baku International Humanitarian Forum 4-5, october 2014:

2014-cü il oktyabrın 4-5 -də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları üçün Azərbaycanının aşağıda qeyd olunan regionları üzrə səfərlər təşkil olunacaqdır:

Контакты

Contacts

ƏLAQƏ

Азербайджанская Республика, г. Баку
Организационный Комитет
Бакинского Международного Гуманитарного Форума

тел .: +(99412) 492 89 50; 492 95 58
факс:+(99412) 437 19 23
э-почта: [email protected]



Republic of Azerbaijan, Baku
Organizing Committee of the Baku International Humanitarian Forum

tel.: +(99412) 492 89 50; 492 95 58
fax: +(99412) 437 19 23
e-mail: [email protected]


Azərbaycan Respublikası, Bakı ş.
Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsi

tel. : +(99412) 492 89 50; 492 95 58
faks:+(99412) 437 19 23
e-ünvan: [email protected]



Погода в Баку

Bakıda hava

Weather in Baku